Elşən Ağayev

Köşə yazarı

15:29 27 Dekabr 2017 3656
A- A+

​Babamın boz sırıqlısı

Heç vaxt ölümə bu qədər yaxın olmamışdım. Beynimdə ancaq bu sözlər təkrarlanırdı: ““İlahi, belə ölmək istəmirəm”.

Qurşağa qədər qarın içində, artıq bir addım belə atmağa taqətim qalmamışdı. Bədənim od tutub yanırdı. Ancaq ayaq barmaqlarım elə bil buzun içindəydi. Silahı qarşıma - qarın üstünə qoyub, buşlatı çıxartdım.

“Bəlkə atəş açım... Ən yaxın postumuzdan eşidərlər yəqin” - ağlımdan keçirdim.

Bilirdim, dayanmaq olmazdı, ayaqlarımı don vuracaqdı. Güclə bir addım atıb, silahı götürdüm. Havaya 3 dəfə atəş açdım... Sonrası yadıma gəlmir...

... Qarşımdakı komanın taxta qapısını itələyib içəri girdim. Yarıqaranlıq otağın düz ortasında artıq sönmək üzrə olan ocağa tərəf getdim. “Kimsən, ay bala?”- zəhmli və amiranə bir səs məni dayandırdı. Düz qarşımda ağ saqqallı, başında böyük qara papaq olan yaşlı kişi qoyun dərisinin üstündə bardaş qurub oturmuşdu. Əlindəki uzun çomaqla közü qarışdırırdı.

“Salam baba, donmuşam, qızınmaq istəyirəm...”.

Heç nə demədi. Başını yüngülcə tərpətdi. Keçib qıraqda oturdum. Donmuş ayaqlarımı az qala közə dirədim. İstilik canıma yayıldıqca gözlərim yumulurdu. İzaholunmaz bir hüzur içindəydim. “İndi dur get” - kişinin səsi oyatdı məni.

Gözlərinə baxıb istədim yalvaram ki, qoy, bir az da qızınım... Əlindəki çomağı qəfildən zərblə düz köz qalığının ortasına endirdi. Ətrafa səpələnən yüzlərlə köz zərrəciyinin arasından onun gözlərini seçə bilmədim.

“Dur, get deyirəm”- bu dəfə bir az mülayim səslə təkrarladı.

Ayağa durub komanın qapısına tərəf döndüm.

“Bunu da götür, eşikdə soyuqdu” – deyib, arxamca nəyisə atdı. Yarıqaranlıqda əyilib götürdüm. Nimdaş boz sırıqlı idi. Minnətdarlıq üçün başımı qaldırdım. Yaşlı kişi artıq yox idi. Sırıqlını əynimə geyinəndə çox doğma, heç vaxt unutmayacağım bir qoxunu hiss elədim. Bu, uşaqlığımdan burnumda ilişib qalan həmin qoxu idi. Babamın sırıqlısından gələn qurumuş ceviz və yaş ot qoxusu. Qeyri-ixtiyari, “baba sən idin?” pıçıldadım...

... Postda ayıldım. Əsgərlər əllərimi, ayaqlarımı, sinəmi ovuşdururdular. “Sırıqlım hanı?”- soruşdum.

Ayaqlarımı ovuşduran əsgər matdım-matdım üzümə baxıb nə dediyimi anlamadı.

“Sırıqlını deyirəm, əynimdəki sırıqlını” – möhkəm səslə dilləndim. “Buşlatı deyirsən, komandir, burdadı”- əsgər sobanın yanında asılmış buşlata tərəf getdi.

“Yox, lazım deyil” – güclə pıçıldadım.

Əllərimi üzümə tutub hönkürdüm. Blindajdan hələ də babamın sırıqlısının qoxusu gəlirdi...

RƏYLƏR

DİGƏR KÖŞƏ YAZILARI