Tahirə Əlirzayeva

Köşə yazarı

09:22 11 May 2018 7023
A- A+

Qara briliyant: Hamıda var, heç kim fərqində deyil

O boyda binada kasıb bircə bu ailə idi.

O dərəcədə ki, qapını açıb içəri girəndə belə hiss olunurdu. Nimdaş, kağızı cırılmış, suvağı tökülmüş divarlar… sınıq-salxaq, bəlkə də beşinci əl mebellər… kənarlarını 60-70-ci illərin saçıkəsik film kraliçalarının bozarmış şəkilləri bəzəyən, 5-6 yerindən çarpaz çatlar vermiş bərbərxana güzgüsü… cəmi bir lampanın var gücü ilə yansa da, yaratdığı alacaqaranlıq… Sanki bu evdə heç vaxt gülən olmamışdı.

Ən çox çöldə-bayırda gözə dəyən evin kişisi idi. Üzünə baxmaq kifayət idi ki, nə qədər sıxıldığını, əziyyət çəkdiyini anlayasan.

O qədər vuruşurdu ki, binadakı digər sakinlərin nə ona, nə də arvadına kasıbdılar deyə, salam belə vermədiklərinin fərqində deyildi.

Bir qış günü idi. Axşam qapının zəngi çalındı. Qadın tez mətbəxdən qaçıb qapını açdı. Soğançanın qoxusu binanın blokunu başına götürdü.

Kişi içəri girib, əlindəki bağlamanı uzadıb, sakit səslə - götür bunu, sənindi, mübarəkdi - dedi. Qadın bağlamanı açdıqda təəccübdən az qaldı dili tutulsun. Bağlamının içində ömrü boyu ağlına gəlməyəcək bir hədiyyə vardı. Əri ona şuba almışdı. Hətta binadakı bütün ağzısözlü varlı arvadlarının geyindiyi şubalardan da gözəl idi. Əli ilə körpə uşağa tumar çəkirmiş kimi “şuba”nı sığallaya-sığallaya:

  • Ayyy… nə gözəldi, bu çox gözəldi… Bilmirəm nə deyim… - dedi.
  • Bu hardandı? Oğurluq…
  • Oğru olsaydım, iki ildir maaşımdan qəpik-qəpik kəsib, sizdən gizlətməzdim. Sağ ol demədin, heç olmasa yemək ver, acam.

Birdən sevinci üzündə dondu, sifəti o alacaqaranlıqda bir az da qaraldı sanki:

***

Əsl səs-küy sabah yarandı. Qadın “şuba”nı geyinib həyətə düşdü. Yavaş addımlarla binanın digər ucundakı dayanacağa tərəf getdi. Axşam evə qayıdanda bütün bina ondan danışırdı. Bu gün səhərə qədər salam verməyib, lağ edənlər “qonşu, axşamın xeyir” yarışına çıxmışdılar. Maraq canlarında zəlzələ yaratmışdı sanki.

Qapıbir qonşusu ən dözümsüzü çıxdı. Başladı sorğu-suala: Hardan almısan? Kim alıb? Hara malıdı? Sualların da arasında bolluca şirin sözlər.

Qadın bütün suallara bir-bir cavab verdi. Ərinin hədiyyəsi olduğunu dedi. Sonra da söylədi ki, “şuba” onun üçün önəmli deyil, çünki əri ona bundan min qat bahalı hədiyyə bəxş edib. Darqursaq qonşu hədiyyənin adını eşidəndə az qaldı heyrətindən ürəyi getsin. Bir cüt qara brilyant.

***

Söhbətin üstündən 5 dəqiqə keçmədi ki, qara brilyant sədası ikinci şok dalğası kimi bütün binaya yayıldı. Varlı kişilərin qara gecəsi başladı: “Gördün, yetimçənin biri arvadına necə hədiyyə verib?”, “Eşitdin, o acından ölən arvadına nə alıb?”, “Görürsən, camaatda necə ərlər var?”, “Sənə min dəfə yalvardım, o “Titanik”dəki brilyantdan mənə də al, almadın. Görürsən, camaat arvadına nələr alır?”

Gecəni ilan vuran yatdı, binanın xanım sakitləri yata bilmədi.

Düşündülər, daşındılar ki, həmin kasıb ailəyə qonaq gedib, qara briliyantı gözləri ilə görsünlər. Belə də etdilər. Hərə bir hədiyyə aldı, kasıb ailənin qonağı oldular. Məclis quruldu, yeyib-içdilər, ancaq ürəkləri sakitləşmədi ki, briliyantdan xəbər yoxdu. Şər qarışanda evin xanım sahibinə müraciət etdilər ki, gətir, tax o qara briliyantı, biz də görək. Qadın “yaxşı” deyib, balaca qızını yanına çağırdı. Onun qara gözlərini göstərib, “ərimin mənə ən böyük hədiyyəsi budur” dedi.

***

Qonşular həmin gecə bəlkə də həyatlarının ən böyük dərsini aldılar.

Elə deyilmi? Ey insan, bu kainatda səndən qiymətli nə var ki? Və səndən varlı kim var? Sənin bir zəngin səltənət sahibi olmağından xəbərin yoxdumu?

Saçlarının ucundan tutmuş, dırnaqlarının ucuna qədər milyonlarla səni qorumağa, yaşatmağa çalışan hüceyrəyə sahibsən. Hər biri bir əsgər kimi sənin əmrindədir. Öhtənə düşən bircə şey var: Onların sağlam, gümrah qalmalarını təmin etmək.

Belə zənginlik sevənsənsə, ruhunu, nəfsini idarə etməlisən. Sən onları sağlam qidalarla bəslədikcə, tamah əsirinə çevirmədikcə, onlar da sənin uzunömürlü, firavan yaşamağını təmin edəcəklər.

Heç bunları düşünmüsənmi? Düşün!..

Tahirə Əlirzayeva/ Metbuat.az

Öldürülən süpürgəçi qadın kimin anası idi? - BAXIŞ - Oxumaq üçün tıkla

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI