​“Biz bu günə başımız daşdan-daşa dəyərək gəlmişik” - Kənan Quluzadəylə MÜSAHİBƏ / FOTOLAR

"Metbuat.az-da Mətbuat katibləri" layihəsi çərçivəsində hər dəfə dövlət qurumları, özəl təşkilat və müəssisələrdə çalışan mətbuat katibləri ilə sizi yaxından tanış edirik.

Bu dəfə müsahibimiz Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadədir.

Metbuat.az Kənan Quluzadəylə olan müsahibəni təqdim edir:

- Uşaqlıq illəriniz, böyüdünüz yerdən danışaq…

- 1976-cı ildə Göyçayda anadan olmuşam. Mənim bütün xatirələrim, yuxularım Göyçayla bağlıdır. Çünki qohum və dostlarımın əksəriyyəti orada yaşayır. Ailədə iki övladıq, bir bacım var. Atamın kəndi Qaraməryəm, anamın kəndi isə Çaxırlıdır. Valideynlərimin hər ikisinin ixtisası müəllim olub. Lakin atam partiya məktəbini bitirəndən sonra partiyada işləyib, daha sonra Göyçayda maarif müdiri, məktəb direktoru olub.

- Məktəb illərinizlə bağlı hansı xatirələriniz var?

- 9-cu sinfə kimi Göyçayda oxumuşam. 1991-ci ildə Bakı-Avropa Liseyinə daxil olduğum üçün Bakıya gəldim. Valideynlərimdən uzaqda, 10, 11-ci sinifləri burada oxudum. 11 illik təhsil dövrümdə cəmi bir dənə 4-üm olub. Onu da 5-ci sinifdə Tarix dərsindən almışam. Dərslərin hamısını 5-lə oxuduğum üçün özəl Azərbaycan Universitetinə imtahansız daxil olmuşam. Həmin il də Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna (indiki Prezident yanında İdarəçilik Akadimiyası) qəbul olunmuşam. Lakin məktəbi bitirəndə qızıl medal ala bilməmişəm. Çünki hökumət həmin il qızl medalı ləğv etmişdi.

- O yaşda valideynlərinizdən uzaqda, tək yaşamaq çətin deyildi?

- Əksinə, çox maraqlı idi. 1990-cı illərin əvvəllərində Azərbaycan çox maraqlı bir yer idi, çünki özü dəyişirdi. Yadımdadır, o zaman mən Badamdar qəsəbəsində yaşayırdım, məktəbimiz isə Gənclikdə idi. O vaxt Milli Məclisin yanından keçəndə atışma səsi gəlirdi. Bizim yaşadığımız qəsəbədə hərbi şəhərcik vardı. İndi qapını açanda küçədən xarici avtomobillər keçir, o vaxt tanklar keçirdi. Həmin dövr həyatda özümü tək axtarmağıma şərait yaratdıqları üçün valideynlərimə təşəkkür edirəm.

- 1980-1990-cı illərlə bağlı xatirələrinizdə nələr qalıb?

- 1988-ci ildə Göyçayın Şahmat komandasıyla birlikdə Belarusa getmişdik. Orada Moskvadan, Sankt-Peterburqdan, Bakıdan və digər pataxt şəhərlərdən məktəblərarası şahmat komandaları iştirak edirdilər. Biz Göyçay komandası olaraq həmin yarışda birinci yerə çıxmışdıq. Qarabağ münaqişəsi başlayandan sonra qəlizləşmə oldu. Birincisi, çatışmazlıqlar çox idi, qidadan tutmuş dərmana kimi heç nə tapmaq olmurdu. Birdən-birə hamı kasıblaşmışdı, çox çətin dövr idi. Bizdən 2-3 yaş böyük dostlarımız, yaşıdlarımız, gözümüzün qabağında böyüyən uşaqlar, qohumlarımız şəhid olurdular. Əslində, 70-ci ilin ortalarında anadan olmuş uşaqların erkən gənclik dövrü bir az qəliz olub. Hamının başı münəqişənin həllinə, çörək qazanmağa qarışmışdı. Heç kim bizimlə maraqlanmırdı. Biz də elə bir şəraitdə böyüyür, özümüzə yol tapırdıq. Ona görə, bizim nəslin uşaqları çox möhkəmdir. Çünki biz bu günə başımız daşdan-daşa dəyərək gəlmişik.

- Universitet illərinizdən danışaq. Bildiyimiz qədərilə, bir neçə ali təhsiliniz var...

- Liseyi bitirdiyim il iki ali məktəbə daxil oldum. Beynəlxalq hüquq üzrə Azərbaycan Universitetində təhsil almağa başladım. Lakin universitetin 3-cü kursuna qədər oxudum. Gördüm ki, hüquq mənlik deyil. 1993-cü ildə parelel olaraq Politologiyaya daxil oldum, 1999-cu ildə isə magistr təhsilimi bitirdim. Bundan başqa, bir sıra beynəlxalq təhsilim var. Yəni, təhsillərim çoxdur, amma ixtisasım politoloqdur. Siyasi strategiya və milli təhlükəsizlik üzrə politoloqam. Əslində, politologiya və hüquq valideynlərimin arzusu idi. Onlar istəyirdilər ki, hüquqşünas olum. Atam cavan yaşda dünyasını dəyişib, bu, daha çox onun arzusu idi…

- Hərbi xidmət dövrünüzdən danışaq...

- Hərbi rütbəm leytenantdır. Mənim komandirim Azərbaycanda çox tanınan biri - Üzeyir Cəfərov olub. Üzeyir müəllim o vaxt polkovnik-leytnant idi, mən isə briqadada təlimatçı idim. Bu institut dövründə olub. Lakin əlillik keçirdiyim üçün vətənə olan xidməti tam yerinə yetirə bilmədim. Qəza keçirdiyimə görə, bu gün sol əlim tam işləmir.

- Hansı işlərdə çalışmısınız?

- Juranlistikaya 1993-cü ildə gəlmişəm. 11-ci sinfin axırlarından artıq yazmağa başlamışdım. 11-ci sinifdə oxuyanda “Aydınlıq” qəzetində işləyirdim. İlk jurnalist vəsiqəmi orada almışam. Həmin qəzetdə siyasi şərhçi idim. Ümumiyyətlə, 1993-1995-ci illər gənclərin özünü sübut etməsi üçün yaxşı vaxt idi. Yazırdım, siyasətlə məşğul olurdum, gənc fəal idim, partiyalarda, gənclər təşkilatında, natiqlik məktəbində oxuyurdum. Özümü ictimai həyata hazırlayırdım. 1995-ci ildə peşəkar jurnalist kimi fəaliyyətə başladım. Şərq Agentliyi ilk peşəkar iş yerim oldu. Burada İqtisadiyyat şöbəsinin müdiri idim. Uzun illər neft və qaz sənayesi haqqında yazırdım. Neft və qaz mənim üçüncü təhsilim olub. Sonra Moskvada nəşr olunan Amerika və Rusiyanın birgə layihəsi olan jurnalda bir müddət baş redaktor işlədim. 1998-ci ildə Azərbaycana qayıtdım. ORT kanalının müxbiri kimi işləməyə başladım. Daha sonra 9 il ərzində “İnternews Azerbaijan” təşkilatında prodüser, istehsalat üzrə direktor, aparıcı və jurnalist kimi işlərdə çalışdım. Paralel olaraq “Zerkalo” qəzetində şöbə müdiri, redaktor idim. Növbəti dəfə uzun müddət işlədiyim mətbu orqanı “Каспiй” qəzeti olub. 2007-2012-ci illərdə həmin qəzetinin rus dili bölməsində baş redaktor müavini olmuşam. Bizim daha sonra böyük bir layihəmiz oldu – “Baku Post” qəzeti. Bu qəzet pulsuz paylanan yeganə ictimai-siyasi qəzet idi.Daha sonra “Baku Post” saytında çalışdım. Buradakı fəaliyyətim 3 il çəkdi. Sonradan məni “ASAN Radio”nun baş redaktor vəzifəsinə çağırdılar. Emin Musəvi ilə “ASAN Radio”nun qurucularından olduq. Sonra bir sıra televiziya və saytlarda çalışdım. Artıq il yarımdır ki, turizm sahəsində mətbuat katibi kimi fəaliyyət göstərirəm. Son dövrlərə qədər Milli Turizm Təbliğat Bürosu idi, indi Turizm Agentliyidir. Fəaliyyətim dövründə bir müddət müəllim olaraq çalışmışam. Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsində dərs demişəm. Hüquqdan qaçsam da, burada tədris etdiyim fənnin adı “KİV-in hüquqi tənzimlənməsi” idi. Bir çox beynəlxalq və yerli mükafatlarım var (“Humay mükafatı”, Parma (İtaliya) festivalının mükafatı. Avrasiya Televiziya və Radio Akademiyasının həqiqi üzvüyəm. Yəni, qocalanda yazmağa nəsə var (gülür). 17 yaşımdan işləməyə başalmışam, özümü formalaşdıran biri olmuşam.

- Bir az da ailənizdən danışaq...

- Evliyəm, 2 övladım var. Qızım M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının 1-c kursunda oxuyur. Oğlum isə 9-cu sinfə gedir. Həyat yoldaşımın tibb sahəsində təhsili var, lakin bu vaxta kimi bir gün də olsun işləməyib. Çünki tez tanış olub, tez evlənmişik. 19 yaşında tanış olub, 23 yaşında evlənmişik. 24 yaşımızda artıq 1 övladımız vardı. 3 ildən sonra digər övladımız oldu. Yoldaşım uşaqlarımıza vaxt ayırdığı üçün işləyə bilmədi. Çünki evin bütün daxili məsələləri onun üzərində idi. Ailəmlə birlikdə vaxt keçirməyi çox sevirəm. İşdən çıxan kimi evə gedən insanam. Əlbəttə ki, hər birimizin müəyyən bir cavanlıq dövrü olub. Yaş ötdükcə başa düşürsən ki, ev və iş qrafikini doldurmaq həm maraqlı, həm də rahatdı.

- Şəxsi biznesiniz var?

- Olub, bir ara məşğul olmuşam. 10 il bundan əvvəl bir kafem vardı. Fikirləşirdim ki, biznesə keçəcəm. Şəxsi biznesdə hər şeyə çox ciddi nəzarət etmək lazımdır. Onu hansısa bir işlə paralel etmək qeyri-mümkündür. Diqqətin yayınan kimi biznes dağılır. Bu səbəblə, seçim edib, jurnalistikada qaldım. İndi də jurnalistikadan aralanmışam, amma çox uzağa getməmişəm, mətbuat katibiyəm. Atamın bir sözü vardı: “Dünya dağılsa da, əlimdən qələmimi məndən heç kim ala bilməz”. Bizim də sənətimiz qələmdir.

- Turizm sahəsi jurnalist fəaliyyətiniz dövründə kənardan necə görünürdü, indi bəs necədir?

- Mən siyasi jurnalist olmuşam. Düzü, iqtisadiyyat şöbəsinin müdiri olmuşam, iqtsadiyyatdan çox yaxşı başım çıxır, amma maraq dairəm başqa olub. Məni həmişə xarici siyasət maraqlandırıb. Fəaliyyətim dövründə redaktor, baş redaktor olduğum üçün, bütün sahələrlə, eləcə də turizmlə maraqlanmışam. Sadəcə müəyyən bir dövr jurnalistikadan kənarlaşmaq istəmişəm. Bilirsiniz, mən işə köləlik kimi baxmıram. İş mənim üçün maraqlı da olmalıdır. Evdə də buna görə məni qınayırlar. Milli Turizm Təbliğat Bürosu yarananda məni ora dəvət etdilər. Necə olacağı ilk günlər mənim üçün sual altında idi. Amma indi işə tələsirəm. İşimdən xoşum gəlir. Gənc, kreativ kollektivimiz var, onların enerjiləri boldur. Oradakı bir-iki nəfər yaşlı insanlardan biri də mənəm. Hətta işdə bəzən mənə zarafatyana “əmi” də deyirlər. Çalışıram ki, onlardan geri qalmayam. Bu gün mən işimdən zövq alıram.

- Bu gün kimlər turizm şirkəti yarada bilər?

- Turizm sahəsində 2015-ci ildə Cənab Prezidentin qərarıyla lisenziyalar ləğv edilib. Bu gün hər bir insan xüsusi icazə olmadan turizm sahəsində fəaliyyət göstərə bilər. Son rəqəmlərə görə, bazarda turizmlə məşğul olan 2000-dən çox şirkət var. Əslində, bu rəqəm çoxdur. Məsələni sistemləşdirmək istəyirik. Bu gün hər hansı bir insan kompüter qarşısında oturub, turizm şirkəti adıyla öhdəliklər götürür, çox vaxt da əməl edə bilmir. Turist ölkəsinə qayıdan zaman həmin turizm şirkəti haqqında yox, Azərbaycan haqqında mənfi düşünür. Nəticədə, hamımıza ziyan gəlir. Turizm şirkətləri mütləq kateqoriyalara ayrılmalı, bu sahədə intizam yaradılmalıdır. Hamı məsuliyyətini dərk etməlidir. Burada kadr potensialı, vergidən yayınma məsələləri var. Turizm tam açıq bir sahədir. Biz də dövlət qurumu olaraq həmişə biznesin yanındayıq. Çalışırıq ki, vergilərlə bağlı güzəştlərin tədbiq olunamsını təmin edək. Xüsusən də, azbüdcəli turizmi inkişaf etdirən şirkətlər üçün dövlət xətti ilə kreditlərin ayrılmasını müzakirə edirik. Bütün şəraiti yaratmaq istəyirik. Bu gün turizm sahədində peşəkarların sayı azdır. Bu da bizim üçün ciddi siqnaldır. Çünki tələbat böyüyüb, peşəkar səviyyədə təkliflərimiz çox zəifdir. Turizm sahəsi üzrə təhsil sistemində böyük islahatlar keçiriləcək, bu səbəblə beynəlxalq trenerlər gətiriləcək.

- Bir müddət öncə “Take another look” başlıqlı yeni milli turizm brendimiz təqdim olundu. Təqdimatdan sonra yeni brend sosial şəbəkədə müzakirə mövzusuna çevrildi. Məsələyə münasibətiniz necədir?

- Yeni turizm brendiylə bağlı müsbət və mənfi reaksiyalar var. Hətta yazılış qaydasını və rəngini hansısa brendə bənzədənlər də mövcuddur. Brendin fəlsəfəsi çəkilmiş şəkil deyil, onun böyük bir konsepsiyasıdır. Brend Azərbaycanda istifadə üçün nəzərdə tutulan bir şey deyil. Bu, xarici bazarlara tuşlanıb. Marketoloqlar bu brendin hansı bazarlarda necə işləniləcəyini öncədən öyrəniblər. Yeni brendin arxasında elm, marketinq araşdırmaları dayanır. Hansısa bir dairə və yarımdairəni çəkməklə iş bitmir. “Take another look” bir fəlsəfi yanaşmadır. “A” hərfində olan iki inteqrasiya Azərbaycanın fərqliliyinin zənginliyini, yaxud zənginliyinin fərqliliyini göstərməkdir. Azərbaycan özündə bir şox şeyləri cəmləşdirib. Azərbaycanda hər şeyin kontrastı və ahəngliyi var. Onları kontrastı göstərmək üçün yol tapmaq lazım idi. Biz də iki linzanı birləşdirib, onun kontrastın göstərdik. Tənqidə çox açıq bir qurumuq. İstəyirik ki, cəmiyyətə yaxın olaq.

- Niyə “Land of fire” deyil də, “Take another look”?

- Biz “Land of fire”ni inkar etmirik. “Fire”nin özündən element kimi istifadə edirik, amma əsas element kimi yox. “Land of fire” ilə sənin turizmini alan yoxdur. Var, amma azdır. Sadəcə tanıyan alır. Bizim üçün “Fire” - Novruz, “Flame Towers, Atəşgah, Yanardağ, tarixi alovumuz deməkdir. Xarici üçün isə “Fire” münaqişə deməkdir. Bundan əvvəl də Azərbaycanın turizm sahəsində brendi vardı. Brendin şəklində dəniz, günəş, neft qurğusu idi. Neft qurğusunun şəkli turist cəlb edə bilməz…

- Dövlət Turizm Agentliyinin qarşıdakı hədəfləri nələrdir?

- 2016-cı ilin sonlarında Cənab Prezident tərəfindən “Yol xəritəsi” imzalanıb. “Yol xəritəsi”ndə turizmin inkişafıyla bağlı işlər göstərilib. Orda olan hədəflər və yeni turizm strategiyasına görə, hədəf 2020-ci ilə qədər turistlərin sayını 4 milyona çatdırmaqdır. Yaxın 10 ildə hədəf isə turizmin Azərbaycanda neft və qaz sənayesindən sonra ikinci böyük sənayesinə çevrilsin. Bu, təxminən ümumdaxili məhsulun formalaşmasında 10% deməkdir. Ən böyük vəzifələrdən biri də turistləri gətirməklə yanaşı, onları məmnun olaraq yola salmaqdır.

- Paxtaxtın mərkəzində üzərində ərəb yazıları olan, ərəb dilində mahnıların səsləndirildiyi restoranlara münasibətiniz necədir?

- O, bir az müzakirə olunası məsələdir. Təbii ki, bu, biznesdir. Həmin şəxsin pulu ondan çıxır. Ancaq ərəb mahnıları, ərəb mətbəxi olsun, amma ərəb Azərbaycandan gedəndə də özüylə buranın bir hissəsini aparsın. Ərəb turisti mədəni irsi, tarixi, milli xüsusiyyətləri yüksək olan ölkəyə gəlir. Biz zəngin xalqıq. O, Azərbaycandan bizim bir hissəmizi aparmalıdır. Ona görə, ərəb musiqisini qoşan insanlar heç olmasa fasilələrdə Azərbaycan musiqisini qoşmalıdırlar. Onlara öyrətmək lazımdır ki, Azərbaycana gələndə, özləri özlərindən dincəlsinlər. Bizim mətbəximizdən həzz alsınlar.

- Sonda oxucularımıza nə demək istərdiniz?

- Metbuat.az çox maraqlı saytdır. Burada sizin fərqli layihələriniz var. Müsahibələr, canlı yayımlar... Görünür, burada peşəkar və kreativ insanlar işləyir. Dəvətiniz üçün də təşəkkürümü bildirirəm. Çoxdandır özümdən danışmırdım. Heç danışacaq adam da yox idi. Çünki bu yaşa qədər yanında olan insanlar hər şeyi bilirlər. Çox istərdim ki, azərbaycanlılar çox səyahət etsinlər. Bizim üstün cəhətlərimizdən biri, qonağı yaxşı qəbul etməyimizdir. Başqa bir millətdən soruşsan ki, Azərbaycan nə ilə fərqlənir? Deyəcək ki, qonaqpərvərdir. Biz qonaq gələndə evimizdəki ən yaxşı şeyləri ona təklif edirik. Belə də davam edək, çünki qonaqlarımzı çox olacaq. Təbii ki, onlar dəvətli qonaqlar olacaqlar.

Xəyalə Məmmədova

FOTOLAR: Müzəffər İsmayılov

“Zavodda 4 il çilingər işləmişəm” - Vaqif Əsədovla MÜSAHİBƏ / FOTOLAR

“Deyirdilər ki, qalstuku çox xoşlayırsan” - Elnur Niftəliyevlə MÜSAHİBƏ / FOTOLAR

“Bir zamanlar metro keçidlərində əhaliyə kredit paylayan banklar mövcud idi” - Pərviz Sədrəddinovla MÜSAHİBƏ / Fotolar


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI