​Qubada İcma əsaslı Uşaq Təhsil Mərkəzlərindən REPORTAJ - FOTOLAR

Xəbər verdiyimiz kimi, ötən gün Quba rayonunda İcma əsaslı Uşaq Təhsil Mərkəzinə mediatur keçirilib.

Metbuat.az-ın məlumatına görə, Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsinin meneceri İlahə Rəsulova layihə barədə məlumat verərək bildirib ki, məqsəd vətəndaş qrupları, icma nümayəndələri, yəni valideynlərin, məktəbin iştirakı ilə məktəbəqədər təhsili genişləndirməkdir: “Elə rayonlarımız, kəndlərimiz var ki, orada bağçalar yoxdur.

Uşaqların məktəbəqədər hazırlığı da çox limitli şəkildədir. Ona görə də bu cür hazırlıq qruplarının açılması əslində həm məktəbəqədər təhsilin, həm valideynlərlə məktəb arasındakı əlaqələrin genişləndirilməsi baxımından çox əhəmiyyətlidir. Layihə 2018-ci ilin oktyabr ayından başlayıb, ümumilikdə layihənin müddəti 30 aydır. Layihə çərçivəsində bölgələrdəki ucqar kəndlər və sərhəd zonası da daxil olmaqla ümumilikdə 50 İcma əsaslı Məktəbəqədər Təhsil Mərkəzi fəaliyyət göstərir”.


Layihənin meneceri deyir ki, Mərkəzlərdə keçirilən proqramlar eston və yerli ekspertlərin köməyi ilə birgə hazırlanıb: “Mövzular müəyyən olunub və bütün mövzular bir-birilə sistemli əlaqələndirilib. Layihə oktyabrdan başlasa da dərslərə yanvardan başlamışıq. Çünki materialların hazırlanması, müəllimlərin təlim keçməsi zaman aldı. Dəsrlərdən sonra evə də iş dəftərləri verilir və evdə artıq valideynlər də uşaqları ilə bunu işləyirlər. Çalışırıq valideynlərə o informasiyanı çatdıraq ki, buranı öz mərkəzləri kimi bilib iştirakçısı olsunlar. Çünki 3-4 yaşında 20 uşaqdır, hamısını bir yerdə oturdub bir işi gördürmək olmur. Ona görə də valideynlərin burada olmağı mütləqdir”.


Layihənin meneceri bildirib ki, layihənin müddəti 30 aylıqdır. Bu səbəbdən layihə bitdikdən sonra bunun davam etdirilə bilməsi üçün valideynlərdən müəyyən məbləğdə ödənişlər alına bilər: “Çünki davamlılıq üçün donora ehtiyac var”.

İ.Rəsulova deyir ki, digər məqsəd icma əsaslı Valideyn Asossiasiyasının yaradılmasıdır: “O proses hələ ki, başlamayıb, amma sorğular keçiririk. Asossiasiya yarandıqdan sonra onun nümayəndələrinə yenə bacarıqların möhkəmləndirilməsi ilə bağlı təlimlər keçəcəyik”.

Media nümayəndələri ilk olaraq şəhid İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbində fəaliyyət göstərən İcma əsaslı Uşaq Təhsil Mərkəzində olublar. Qəçrəş kənd tam orta məktəbi 2006-cı ildə Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında tikilib. Məktəbdə fəaliyyət göstərən İcma əsaslı Uşaq Təhsil Mərkəzində dərslə tanış olub, uşaqların marağını müşahidə etdik.

Qrupun müəlliməsi Fidan Əliosmanova əvvəllər də bağçada çalışıb. Deyir ki, bu, çox maraqlı layihədir: “Uşaqlarla işləməyi çox sevirəm. Qrupda 3-4 yaşlı 22 uşaq təhsil alır. Valideynlər də çox həvəslə uşaqlarını gətirirlər. Passiv uşaqlar da gələndən sonra aktivləşiblər. Sinifdə 22 uşaq var. Həftənin 4 günü 2 saat dərslərimiz olur. Uşaqlarla boyalarla işləyirik, müxtəlif fiqurlar kəsirik, zehni açacaq oyunlar oynayırıq. Hansı mövzunu keçiriksə, uşaqlar onunla bağlı boyalarla şəkil çəkirlər, rəngləyirlər. Hər gün 2 valideyn təyin edirik, kömək edirlər. Əvvəl bağçada işləyib, uşaqlarla işləməyi sevirəm”.


Qrupda təhsil uşaqlardan birinin valideyni Qəçrəş kəndinin sakini Zaminə Ədilovadır. Deyir ki, layihədən çox razıyıq: “Uşaqlar çox yaxşı öyrəşirlər. 1 aydır uşağı gətirirəm, çox razıyam. Biz valideynlər də müəllimə kömək etməyə çalışırıq”.

Daha sonra media nümayəndələri 2-ci Nügədi kənd 3 nömrəli tam orta məktəbdə yaradılan İcma əsaslı Uşaq Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Qrupun müəlliməsi Elmarə Süleymanova deyir ki, burada əsasən uşaqlarla öyrədici oyunlar, zehni, fiziki qabiliyyətlərini artıran oyunlar oynayırıq və müxtəlif əl işləri hazırlayırlar:

“Uşaqların marağı da yaxşıdır, valideynləri deyir ki, hər gün bura gəlməyi həvəslə gözləyirlər. Gündə 1 valideyn növbətçi və müşahidəçi kimi qrupda olurlar, sonra evdə özləri də məşğul olurlar. Uşaqlar həmişə maraq dairəm olub, onları çox sevirəm. Ona görə də CV verdim, müraciət etdim və qəbul olundum. Daha sonra təlimlər keçib dərslərə başladıq”.

21 ildir məktəbin sanitar işçisi olan Sara Hacıyeva da öz nəvəsini Mərkəzə gətirir. Deyir ki, uşaqlar burada olmağa çox maraq göstərirlər, yeni bacarıqlar öyrənirlər.

Qeyd edək ki, Təhsil İnstitutunun Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi çərçivəsində fəaliyyət göstərən İcma əsaslı Uşaq Təhsil mərkəzləri 10 bölgəni: Ağcabədi, Biləsuvar, Cəlilabad, Goranboy, Masallı, Sabirabad, Salyan, Şəmkir, Quba və Xaçmaz rayonlarını əhatə edir. Layihə çərçivəsində bölgələrdəki ucqar kəndlər və sərhəd zonası da daxil olmaqla ümumilikdə 50 İcma əsaslı Məktəbəqədər Təhsil Mərkəzi fəaliyyyətə göstərir.

Hər mərkəzdə orta hesabla 20 nəfər 3-4 yaşlı uşaq olmaqla ümumilikdə 1000 nəfərə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib. Layihənin əsas məqsədi icma əsaslı vətəndaş qrupları vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyini artırmaq və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakı ilə şəffaflıq və hesabatlılığın, eləcə də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdır.

Günay Elşadqızı / Quba/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR